
09 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində tələbələrin sosial-psixoloji maarifləndirilməsi məqsədilə “Ailədaxili bullinq və uşaqlara təsiri” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirdə müxtəlif fakültələrdən olan tələbələr iştirak ediblər. Seminarın əsas məqsədi ailədaxili zorakılıq və bullinqin uşaq psixikasına mənfi təsirlərinə diqqət çəkmək, uşaqların emosional inkişafına və hüquqlarının qorunmasına təsir edən fəsadlar barədə gəncləri məlumatlandırmaq olub.
Tədbir interaktiv müzakirə formatında keçirilib və iştirakçılara ailə mühitinin uşağın şəxsiyyətinin formalaşmasında, emosional rifahında və psixoloji sağlamlığında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Seminarda qeyd olunub ki, ailədaxili zorakılıq və psixoloji təzyiq uşaqlarda uzunmüddətli emosional travmalar, özgüvən çatışmazlığı, aqressiv və ya qapanıq davranışlar yarada bilər. Zorakılıq yalnız fiziki deyil, həm də psixoloji, iqtisadi və emosional formalarda təzahür edə bilər. Ekspertlər vurğulayıblar ki, zorakılığa məruz qalan uşaqlar gələcəkdə sosial münasibətlərdə, ailə həyatında və emosional tənzimləmə bacarıqlarında çətinliklərlə üzləşə bilərlər. Bu hallara stress, yuxu pozuntuları, qidalanma dəyişiklikləri, depressiya və müxtəlif asılılıq risklərinin artması daxildir.
Seminarda ailədaxili bullinq anlayışı da xüsusi olaraq diqqətə çatdırılıb. Qeyd olunub ki, bullinq uşağın ailə üzvləri tərəfindən davamlı şəkildə təhqir olunması, alçaldılması, ələ salınması və psixoloji təzyiqə məruz qalması ilə xarakterizə olunur. Bu cür davranışlar uşaqlarda özünəinamın azalması, sosial qapanma, aqressivlik, eləcə də gələcək münasibətlərdə zorakılıq meyillərinin yaranması kimi ciddi fəsadlara səbəb ola bilər.
Tədbir zamanı tələbələr bullinqin qarşısının alınması yolları, ailə daxilində sağlam kommunikasiya qurulması, psixoloji dəstək mexanizmləri və uşaq hüquqlarının müdafiəsi ilə bağlı praktik tövsiyələrlə tanış olublar.