Bakı Biznes Universitetində “Ailədaxili şiddət və uşaqlara təsiri” mövzusunda seminar keçirilib

15 aprel 2025-ci il tarixində Bakı Biznes Universitetində tələbələrin sosial-psixoloji maarifləndirilməsi məqsədilə universitetin psixoloqu İlhamə Sultanovanın təqdimatında “Ailədaxili şiddət və uşaqlara təsiri” mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminarın məqsədi ailədaxili zorakılığın uşağın psixoloji inkişafına mənfi təsirlərinə diqqət çəkmək və tələbələrdə bu mövzuda məlumatlılığı artırmaq olub.

Tədbir interaktiv şəkildə keçirilib və iştirakçılar ailə mühitinin uşağın şəxsiyyətinin formalaşmasında oynadığı rol, zorakılığın fiziki və psixoloji nəticələri, valideyn davranışlarının uşaq psixikasına təsiri barədə ətraflı məlumat əldə ediblər. Psixoloq İlhamə Sultanova qeyd edib ki, şiddətə məruz qalan uşaqlarda qorxu, aqressiya, depressiya, yuxu pozuntuları və sosial təcrid kimi problemlər yarana bilər.

Seminarda UNICEF-in araşdırmalarına əsasən hər 5 uşaqdan birinin ailədaxili zorakılıqla üzləşdiyi bildirilib, həmçinin Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununun əhəmiyyəti vurğulanıb.

Sonda tələbələr ailədaxili şiddətin nəticələri və uşaq hüquqlarının qorunması ilə bağlı suallarını ünvanlayıblar və mövzu üzrə praktiki tövsiyələrlə tanış olublar.