
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 30 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərə gedən yol” adlı anım tədbiri təşkil olunub. Tədbir Vətən müharibəsində əldə edilmiş tarixi qələbənin əhəmiyyətinə və Azərbaycan qəhrəmanlarının göstərdiyi şücaətin yad edilməsinə həsr olunub.
Tədbirdə Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov, şəhid məzunlar – Məmmədli Elxan Ələkbər oğlu və Xosrovzadə İlkin Azay oğlunun valideynləri, qazilər, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışı zamanı Cavidan Heydarov Zəfər Gününün Azərbaycan xalqının milli birliyinin, vətənpərvərlik ruhunun və dövlətçilik ideallarına sədaqətin rəmzi olduğunu vurğulayıb. O bildirib ki, tarixi qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində qazanılıb.
Tarix müəllimi Qənirə Mirzəxanlı çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsi təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın tarixi ədalətinin və milli ləyaqətinin bərpa olunduğu şanlı bir dövrdür.
Tədbirdə şəhid məzunların valideynləri və qazilər də çıxış edərək övladlarının göstərdiyi igidlikdən, xalqın birliyindən və qələbə sevincindən söz açıb, gənclərə Vətənə sədaqət və mübarizə ruhunu daim uca tutmağı tövsiyə ediblər.
Proqram çərçivəsində tələbələr tərəfindən Vətənə həsr olunmuş şeirlər səsləndirilib, videoçarxlar nümayiş olunub, şəhid və qazilərimizin qəhrəmanlığını əks etdirən səhnələr təqdim edilib.