
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 17 oktyabr 2025-ci il tarixində 18 Oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Bakı Biznes Universitetində tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, tələbələr və Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələ olduğunu vurğulayıb. O bildirib ki, 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın azadlıq iradəsinin təntənəsi olmaqla, ölkəmizin siyasi, iqtisadi və sosial inkişaf yolunun əsasını qoyub.
Cavidan Heydarov həmçinin “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin bu dəyərlərin yenidən qiymətləndirilməsi və müstəqilliyin qorunması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. O, gəncləri milli maraqlara sadiq qalmağa və dövlətçiliyin möhkəmlənməsinə öz bilik və bacarıqları ilə töhfə verməyə çağırıb.
Tədbirdə çıxış edən tarix müəllimi Aygün Kamandari Azərbaycanın müstəqillik yolunun keşməkeşli, eyni zamanda qürurverici bir tarixə malik olduğunu bildirib. O qeyd edib ki, müstəqillik aktının qəbul edilməsi xalqımızın milli kimliyinin, mədəniyyətinin və dilinin yenidən bərpasında müstəsna rol oynayıb. Aygün Kamandari əlavə edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər müstəqilliyin mənəvi və hüquqi mahiyyətinin gənc nəslə daha dərindən çatdırılması baxımından xüsusi önəm kəsb edir.
Digər tarix müəllimi Qənirə Mirzəxanlı çıxışında müstəqilliyin qorunmasının hər bir vətəndaşın, xüsusilə də gənclərin müqəddəs borcu olduğunu vurğulayıb. O bildirib ki, bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan güclü və nüfuzlu bir dövlətə çevrilib və bu uğurların əsasında xalqın birliyi, dövlət suverenliyinə sədaqət və milli dəyərlərə bağlılıq dayanır.