Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirilib

24 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiyanın 30 illiyinə həsr olunmuş Bilik Yarışı” adlı tədbir keçirilib. Açılışı hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənova edib. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Konstitusiyasının müəllifi olduğunu vurğulayaraq, bu sənədin ölkənin hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı tarixi rolundan bəhs edib. Dosent Şəlalə Həsənova Konstitusiyanın dövlət idarəçiliyində rolu, vətəndaş cəmiyyəti quruculuğundakı əhəmiyyəti və suverenlik dəyərlərinin gənclər arasında təbliğinin vacibliyini diqqətə çatdırıb.

Tədbir Tələbə Elmi Cəmiyyətinin fakültə sədri Sevil Ağayeva tərəfindən davam etdirilib. Sual-cavab formatında təşkil olunan bilik yarışında tələbələr Heydər Əliyevin dövlətçilik xətti, Azərbaycan Konstitusiyası, vətəndaş hüquqları və suverenlik mövzuları üzrə biliklərini nümayiş etdiriblər.

Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin hüquqi maarifləndirilməsinə, dövlətçilik prinsiplərinin mənimsənilməsinə və Konstitusiya dəyərlərinə marağın artırılmasına töhfə verib. Yarışın sonunda iştirakçılar Konstitusiyanın xalqın iradəsini, müstəqilliyini və dövlətçilik ənənələrini əks etdirən mühüm sənəd olduğunu bir daha vurğulayıblar.