
Noyabr ayında Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik ili” çərçivəsində elmi-praktik tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirə giriş nitqi ilə Bakı Biznes Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, professor Nigar Axundova başlayaraq Konstitusiyanın dövlətçilik tariximizdə oynadığı mühüm roldan bəhs edib.
Tədbirdə elm və təhsil sahəsinin müxtəlif qurumlarını təmsil edən mütəxəssislər çıxış ediblər. “Humanitar Elmlər” kafedrasının müdiri, sos.ü.f.d., dosent Məhsəti Cəfərova “Konstitusiya və Suverenlik ili: 44 günlük Zəfərlə güclənən dövlətçilik” mövzulu çıxışında müasir dövlət quruculuğunda hüquqi bazanın əhəmiyyətini vurğulayıb. AMEA Folklor İnstitutunun “Qərbi Azərbaycan folkloru” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Elyar Vəliyev də eyni mövzuda məruzə edərək Konstitusiyanın milli suverenlik baxımından tarixi və ideoloji əhəmiyyətini diqqətə çatdırıb.
“Humanitar Elmlər” kafedrasının müəllimi, h.ü.f.d., dosent Şəlalə Həsənova “Konstitusiya dövlətin əsas ali qanunudur” mövzusunda çıxış edərək ölkənin hüquqi sisteminin strukturu və Konstitusiyanın dövlət idarəçiliyi prosesindəki funksional mahiyyəti barədə məlumat verib.
AMEA A.A. Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, t.ü.f.d. Günel Məmmədova “Azərbaycan konstitusionalizmi: tarix, təcrübə, mərhələlər” adlı təqdimatında ölkəmizdə konstitusion inkişaf yolunun əsas mərhələlərini və hüquqi ənənələrin formalaşmasını geniş şəkildə təhlil edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Azərsun Holding” şirkətlər qrupunun hüquqşünası, Dokuz Eylul Universitetinin doktorantı Rukiyyə Tağısoy “Dövlət suverenliyi və Konstitusiyanın əsas prinsipləri” mövzulu çıxışında müstəqil dövlət anlayışının hüquqi əsasları və suverenlik prinsipinin beynəlxalq hüquqla əlaqəliliyi barədə məlumat verib.
Tədbirdə “Humanitar Elmlər” kafedrasının müəllimi, fil.ü.f.d. Reyhan Dadaşova da “Azərbaycan dili – milli sərvətimiz” mövzulu təqdimatla çıxış edərək dövlət dilinin milli kimliyin formalaşmasındakı xüsusi rolunu vurğulayıb.
Sonda “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.