“Zorakılığa yox, təhlükəsiz gələcəyə bəli!” şüarı altında tədbir keçirildi

05 noyabr – Beynəlxalq Zorakılıqla Mübarizə Günü münasibətilə Bakı Biznes Universitetində Humanitar kafedranın müəllimi Gülnar Abbasovanın təşəbbüsü ilə maarifləndirici tədbir təşkil olunub.

Tədbiri Humanitar kafedranın müdiri, dosent Məhsəti Cəfərova açaraq zorakılıqla mübarizənin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. O, zorakılığın təkcə fərdin fiziki və psixoloji sağlamlığını deyil, həm də ailə institutu və ümumi sosial rifah üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Daha sonra Sosial Xidmətlər Agentliyinin böyük mütəxəssisi Əminə Məmmədova-Kərimli çıxış edərək zorakılığın formaları, risk qrupları, müdaxilə mexanizmləri və dövlət tərəfindən göstərilən sosial dəstək tədbirləri barədə geniş məlumat verib. O, həmçinin erkən nikah hallarının artmasına səbəb olan sosial amillər və bu problemin qarşısının alınması yolları haqqında tələbələri məlumatlandırıb.

Tədbir çərçivəsində III kurs Sosial İş ixtisasının tələbələri “Zorakılığa yox, təhlükəsiz gələcəyə bəli!” şüarı altında hazırladıqları rollu oyunu nümayiş etdiriblər. Səhnələşdirilmiş hissələrdə ailədaxili zorakılığın yaratdığı psixoloji sarsıntılar, cəmiyyət üçün doğurduğu sosial nəticələr, həmçinin erkən nikahın uşaqların təhsildən yayınmasına, psixoloji inkişafına və gələcək həyat keyfiyyətinə mənfi təsirləri real situasiyalar üzərindən təqdim olunub.

Rollu oyunun məqsədi tələbələr arasında sosial həssas mövzular üzrə maarifləndirməni artırmaq, zorakılıq hallarına qarşı sıfır tolerantlıq yaratmaq və gəncləri erkən nikahın fəsadları barədə daha məlumatlı etmək olub.

Tədbirin sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb və zorakılığın qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti bir daha vurğulanıb.