
24 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətində müasir yanaşmaların və akademik bacarıqların inkişafına həsr olunmuş beynəlxalq vebinar təşkil olunub. Tədbir Ukraynadan dəvət edilmiş təcrübəli təlimçi tərəfindən onlayn formatda aparılıb.
Vebinarın məqsədi müəllimlərin analitik və metodoloji düşünmə bacarıqlarını artırmaq, beynəlxalq elmi məqalələrin hazırlanması, impakt faktorlu jurnallarda dərc meyarları, Scopus və Web of Science kimi məlumat bazalarında işləmə qaydaları barədə biliklərini genişləndirmək olub. Təlimçi Avropa universitetlərində tətbiq olunan müasir tədqiqat metodologiyaları, tədqiqat etikası, məlumatların elmi təhlili və akademik yazı standartları üzrə geniş təqdimatla çıxış edib.
Tədbir interaktiv müzakirə formatında keçib. İştirakçılar elmi ideyaların formalaşdırılması, tədqiqat hipotezlərinin qurulması və nəticələrin beynəlxalq tələblərə uyğun təqdim olunması ilə bağlı suallarını təlimçiyə ünvanlayıblar.
Universitet rəhbərliyi bildirib ki, bu cür beynəlxalq təlimlər akademik heyətin elmi potensialının gücləndirilməsinə, elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və universitetin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Sonda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub və gələcək əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.
