Bakı Biznes Universitetində tanınmış alim Mail Yaqubun “Ali təhsil və ali tərbiyə” mövzusunda görüşü keçirilib

03 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində tanınmış fəlsəfəçi və sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun “Ali təhsil və ali tərbiyə” mövzusunda tələbələrlə görüşü keçirilib. Görüşdə professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirin açılışını Universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov edib. O, belə görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında, intellektual potensialının və mənəvi-estetik dəyərlərinin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra o, sözü fəlsəfəçi Mail Yaquba təqdim edib.

Mail Yaqub çıxışında ali təhsilin təkcə elmi biliklərin mənimsənilməsi prosesi deyil, həm də şəxsiyyətin formalaşması və cəmiyyətə faydalı fərdlərin yetişdirilməsi mərhələsi olduğunu vurğulayıb. O, ali təhsil anlayışının tərbiyə anlayışı ilə vəhdətdə dəyərləndirilməsinin vacibliyindən danışıb, tələbələrə düşünən, məsuliyyətli və milli kimliyinə sadiq vətəndaş olmağın yolları barədə dərin fəlsəfi fikirlər çatdırıb. O vurğulayıb ki, “ali təhsil” anlayışı “ali tərbiyə” ilə tamamlanmadıqda, təhsil prosesi natamam qalır. M.Yaqub çıxışında ali tərbiyənin əsasını təşkil edən bir neçə istiqamətə, o cümlədən əxlaqi, mədəni, intellektual və emosional tərbiyəyə xüsusi diqqət yetirib və qeyd edilən mühüm mözvularda real hadisələri şərh edib.

Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib. Tələbələr ali təhsilin dəyərləri, gənclərin sosial məsuliyyəti, təhsil və tərbiyənin qarşılıqlı əlaqəsi mövzularında müzakirədə fəal şəkildə iştirak ediblər.