
09 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “davamly.az” Marketinq Agentliyinin mütəxəssisi Həsən Hüseynsoy tərəfindən “SMM və Süni intellekt” adlı maarifləndirici təlim təşkil edilmişdir.
Tədbirin açılışında təlim-tərbiyə işləri üzrə prorektor Cavidan Heydarov çıxış edərək universitetdə tələbələrin rəqəmsal bacarıqlarının inkişafına xüsusi önəm verildiyini, əmək bazarının yeni tələbləri fonunda süni intellekt texnologiyalarının əhəmiyyətinin daha da artdığını vurğulamışdır.
Daha sonra təlimçi Həsən Hüseynsoy tələbələrlə SMM sahəsində süni intellektin tətbiqi, müasir rəqəmsal trendlər, kontent istehsalının avtomatlaşdırılması, hədəf auditoriyanın analitik təhlili və marketinqin effektiv idarəedilməsi kimi məsələlər barədə ətraflı məlumat vermişdir. Təlim müddətində o, real nümunələr üzərində süni intellekt alətlərinin praktiki istifadəsini nümayiş etdirmişdir.
Təlimin interaktiv hissəsində tələbələrlə sorğular aparılmış, daha sonra iştirakçılar qruplara bölünərək öz brendlərini süni intellekt vasitəsilə yaratmış və təqdim etmişlər. Tələbələrin hazırladığı təqdimatlar yaradıcı yanaşma, rəqəmsal düşüncə və sosial media strategiyası elementləri ilə diqqət çəkmişdir.
Tədbir tələbələrin yüksək fəallığı ilə yadda qalmış, keçirilən təlim onların rəqəmsal marketinq və süni intellekt biliklərinin inkişafına töhfə vermişdir.