
03 dekabr 2025-ci il tarixində “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatı və Süni İntellekt Platformasının birgə təşəbbüsü və Bakı Biznes Universitetinin təşçkilatçılığı ilə tələbələr üçün süni intellekt mövzusunda maarifləndirici görüş təşkil edilmişdir. Tədbirin məqsədi tələbələrə süni intellekt texnologiyalarının əsas istiqamətləri, tətbiq sahələri və gələcək inkişaf perspektivləri barədə məlumat vermək, həmçinin bu sahədə qlobal tendensiyalarla onları yaxından tanış etmək olmuşdur.
Görüş zamanı Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayev və direktor müavini Muhammed Babayev tələbələrə süni intellektin müasir iqtisadiyyat, biznes, marketinq, təhsil və digər sahələrdə tətbiqi, etik çərçivələr və təhlükəsizlik prinsipləri, eləcə də dünya üzrə sürətlə dəyişən süni intellekt tendensiyaları haqqında dəyərli məlumatlar təqdim etmişlər.
Tədbir interaktiv sual-cavab sessiyası ilə davam etmiş, tələbələri maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılmışdır. Görüş, tələbələrin süni intellekt sahəsinə marağının artırılması və onların gələcək karyera planlarında süni intellekt bacarıqlarının rolunun dərk edilməsinə mühüm töhfə vermişdir.