Bakı Biznes Universitetində Novruz şənliyi keçirilib

Bakı Biznes Universitetində Novruz bayramına həsr olunmuş tədbir təşkil olunub.

Tədbir carçının çıxışı ilə açıq elan edilib və ardınca Azərbaycan Respublikasının Dövlət Himni qızlardan ibarət xor qrupu tərəfindən ifa olunub.

Tədbirin rəsmi hissəsində universitetin rektoru çıxış edərək tələbə və müəllim heyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra təhsil və ictimai fəaliyyət sahəsində fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

Proqramın bədii hissəsində milli musiqi və rəqs nümunələri təqdim edilib. Oğlanlardan ibarət rəqs qrupu “Şalaxo” rəqsini ifa edib, ardınca “Bayram gəlir elimə” mahnısı səsləndirilib. Daha sonra qızların ifasında “Ağ çiçəyim” rəqsi təqdim olunub. Tədbirin davamında Azərbaycan folklorunun simvolik obrazları olan Dədə Qorqud və Bahar qızının iştirakı ilə çıxışlar təşkil olunub, xor kollektivi tərəfindən “Novruz” mahnısı ifa edilib. Həmçinin “Arşın mal alan” əsəri əsasında hazırlanmış rəqs kompozisiyası nümayiş etdirilib. Proqram çərçivəsində Kosa və Keçəlin çıxışı təqdim olunub, “Bayram axşamları” mahnısı səsləndirilib. Tədbir “Novruzi” yallı rəqsi ilə yekunlaşıb.