Big Data və Süni İntellekt Metodlarının Əmək Bazarında Tətbiqi Mövzusunda Elmi Seminar Keçirilib

Bakı Biznes Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 08 dekabr 2025-ci il tarixində “Big Data və süni intellekt metodlarının əmək bazarında tətbiqi” mövzusunda Elmi Seminar və Ustad Dərsi keçirilmişdir.

Tədbirdə əmək bazarının rəqəmsal transformasiyası, böyük məlumatların və süni intellekt texnologiyalarının vakansiya analizi, bacarıq tələblərinin müəyyənləşdirilməsi və gələcək kadr ehtiyaclarının proqnozlaşdırılmasında rolu müzakirə olunmuşdur.

Elmi Seminar Şaiq Kazımov – Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavininin təqdimatı ilə keçirilmiş, Bakı Biznes Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə interaktiv formatda baş tutmuşdur.

Bu cür birgə tədbirlər universitet–dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə və tələbələrin əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqlar qazanmasına töhfə verir.