
29 mart–5 aprel 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd və Səmərqənd şəhərlərində “Beynəlxalq Tələbə Forumu–2026” uğurla keçirilib. Nüfuzlu tədbir Məhəmməd Əl-Xarəzmi adına Daşkənd İnformasiya Texnologiyaları Universitetinin təşəbbüsü ilə təşkil olunaraq tərəfdaş ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyətini bir araya gətirib. Forumda dünyanın 20-dən artıq ölkəsindən 500-ə yaxın iştirakçı təmsil olunub.
Tədbirin əsas məqsədi layihə əsaslı komanda işi, akademik müzakirələr və mədəni mübadilə platforması vasitəsilə iştirakçılar arasında əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi və qlobal tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olub.
Beynəlxalq forumda Azərbaycanı Bakı Biznes Universitetinin nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə universitetin “Humanitar elmlər” kafedrasının müdiri Məhsəti Cəfərova, “Biznesin təşkili və bələdiyyə idarəetməsi” kafedrasının müdiri Aqil Qurbanov və “Ali riyaziyyat” kafedrasının müdiri Könül Ömərova rəhbərlik edib. Ümumilikdə forumda universiteti 6 nəfərlik professor-müəllim heyəti və 6 tələbə təmsil edib. Forum çərçivəsində iştirakçılar beynəlxalq komandalarda birləşərək aktual qlobal problemlərə dair layihələr hazırlayıb, təqdimatlar həyata keçirib və akademik müzakirələrdə fəal iştirak ediblər. Bakı Biznes Universitetinin tələbələri yüksək nəticələr əldə edərək fərqləniblər: Leyla Əliyeva I yerə, Nərmin Əsgərova isə II yerə layiq görülüb. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar.
Eyni zamanda proqram çərçivəsində təşkil olunan mədəni tədbirlər iştirakçılara Özbəkistanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb. Nümayəndə heyətinin üzvləri forum çərçivəsində qazandıqları bilik və təcrübənin gələcək akademik və peşəkar fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıblar.