Bakı Biznes Universitetində “Müasir şəhərsalma və memarlıq: elmi yanaşmalar və çağırışlar” mövzusunda keçirilən dəyirmi masa

10 aprel 2026-cı il tarixində Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə “Müasir şəhərsalma və memarlıq: elmi yanaşmalar və çağırışlar” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirin məqsədi müasir şəhərsalma və memarlıq sahəsində mövcud elmi yanaşmaların müzakirəsi, şəhərlərin inkişaf tendensiyalarının təhlili və bu sahədə aktual problemlərə diqqətin artırılması olmuşdurDəyirmi masa çərçivəsində prof. Nigar Axundova, t.ü.f.d.Nəsimi Rzayev, Qənirə Mirzəxanlı və t.ü.f.d. Aygün Kamandari çıxış edərək müasir şəhərsalmanın inkişaf istiqamətləri, elmi yanaşmalar və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşmüşlər. Çıxışlarda qeyd olunmuşdur ki, müasir şəhərsalma yalnız fiziki məkanın planlaşdırılması ilə məhdudlaşmır, eyni zamanda sosial, iqtisadi və ekoloji amillərin kompleks şəkildə nəzərə alınmasını tələb edən multidissiplinar sahədir. Urbanizasiya prosesinin sürətlənməsi nəticəsində yaranan əhali sıxlığı, nəqliyyat yüklənməsi, ekoloji balansın pozulması və infrastruktur çatışmazlıqları kimi problemlərin müasir şəhərsalma elminin əsas çağırışları olduğu vurğulanmışdır. Prof. Nigar Axundova öz çıxışında bu çağırışların həlli üçün elmi əsaslandırılmış planlaşdırma metodlarının tətbiqinin, eləcə də rəqəmsal texnologiyalar və coğrafi informasiya sistemlərinin (CİS) şəhərsalma prosesinə inteqrasiyasının xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. O, “ağıllı şəhər” konsepsiyasının müasir memarlıq və şəhərsalmanın perspektiv inkişaf istiqamətlərindən biri olduğunu və resursların daha səmərəli idarə olunmasına imkan yaratdığını bildirmişdir. Eyni zamanda memarlıqda estetik və funksional yanaşmaların vəhdətinin vacibliyi, şəhər mühitinin formalaşdırılmasında milli memarlıq ənənələrinin qorunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Qloballaşma şəraitində yerli memarlıq kimliyinin saxlanılmasının şəhərlərin mədəni dəyərini və fərqliliyini artırdığı qeyd olunmuşdur. Sonda çıxış edənlər müasir şəhərsalma problemlərinin həllində elmi tədqiqatların rolunun gücləndirilməsinin, universitet–praktika əlaqələrinin inkişaf etdirilməsinin və gənc mütəxəssislərin bu sahəyə daha fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırmışlar.