
12.03.2026-cı il tarixində Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasında “Azərbaycanın şəhərsalma tarixi və müasir memarlıq” mövzusunda elmi seminar təşkil olunmuşdur. Seminar Azərbaycan memarlıq irsinin tarixi inkişaf mərhələləri, şəhərsalma ənənələri və müasir urbanistik yanaşmaların müqayisəli təhlilinə həsr edilmişdir. Tədbirdə kafedra müəllimləri – t.ü.f.d.Nəsimi Rzayev, prof. Nigar Axundova, t.ü.f.d. Aygün Kamandari və Qənirə Mirzəxanlı çıxış etmiş, mövzu üzrə elmi-nəzəri və praktiki məsələləri iştirakçıların diqqətinə çatdırmışlar. Seminar çərçivəsində Azərbaycan şəhərsalma məktəbinin formalaşması, Bakı və digər tarixi şəhərlərin urbanistik inkişaf xüsusiyyətləri, sovet dövrü şəhər planlaşdırılması və müstəqillik dövründə müasir memarlıq tendensiyaları geniş şəkildə təhlil olunmuşdur. Eyni zamanda qloballaşma şəraitində şəhər mühitinin transformasiyası, dayanıqlı şəhərsalma prinsipləri və müasir memarlıqda milli üslubun qorunması məsələləri müzakirə edilmişdir. Çıxış edənlər qeyd etmişlər ki, Azərbaycan memarlığı zəngin tarixi irsə malik olmaqla yanaşı, müasir dövrdə innovativ yanaşmalar və beynəlxalq memarlıq tendensiyaları ilə sintez olunaraq inkişaf etməkdədir. Şəhərsalma siyasətində tarixi-mədəni irsin qorunması ilə yanaşı, funksional və ekoloji dayanıqlığın təmin edilməsi mühüm istiqamət kimi vurğulanmışdır. Seminarın sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış və mövzu ətrafında elmi müzakirələr davam etdirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd tələbə və müəllim heyətinin şəhərsalma və memarlıq sahəsində elmi biliklərinin artırılması, həmçinin müasir urbanistik problemlərə dair elmi yanaşmanın formalaşdırılması olmuşdur.