Bakı Biznes Universitetində özbək tələbələr üçün təlim proqramı keçirilib

Bakı Biznes Universitetində beynəlxalq əməkdaşlıq və tələbələrin peşəkar inkişafının dəstəklənməsi istiqamətində növbəti mühüm tədbir həyata keçirilib. 12–15 may 2026-cı il tarixlərində universitetdə Özbəkistandan olan tələbələrin və Bakı Biznes Universitetinin tərcümə ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə “Qadın Sahibkarlığı və Biznes İngilis Dilinin İnkişafı Proqramı” adlı beynəlxalq təlim proqramı təşkil olunub.

Proqram çərçivəsində iştirakçılar Bakı Biznes Universiteti ilə yaxından tanış olub, universitetin təhsil imkanları və beynəlxalq əməkdaşlıq fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər. Təlimlərin açılış sessiyasında qonaqlara universitet haqqında təqdimat keçirilib və proqramın əsas məqsədləri təqdim olunub.

Təlim proqramının ilk günündə iştirakçılar qadın sahibkarlığı mövzusunda silsilə seminar və praktiki sessiyalarda iştirak ediblər. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AWEDA) nümayəndələri tərəfindən keçirilən sessiyalarda sahibkarlıq düşüncə tərzi, qadın liderliyi, biznes ideyalarının formalaşdırılması, bazar ehtiyaclarının müəyyənləşdirilməsi, innovativ düşüncə, şəxsi brendinq, marketinqin əsasları, maliyyə savadlılığı və kommunikasiya bacarıqları kimi mövzular əhatə olunub.

Proqramın növbəti günlərində özbək tələbələr üçün “İşgüzar İngilis dili” üzrə Bakı Biznes Universitetinin Dillər kafedrasının müəllimləri və Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin müəllimi Blanka Anna Vizi tərəfindən praktiki təlimlər təşkil edilib. Sessiyalar zamanı iştirakçılar peşəkar ünsiyyət, işgüzar ingilis dili, biznes yazışmaları, rəsmi elektron məktubların hazırlanması, təqdimat bacarıqları, ictimai çıxış texnikaları və iş mühitində effektiv kommunikasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, dil öyrənməsində rəqəmsal alətlərdən və süni intellekt əsaslı platformalardan istifadə imkanları barədə praktik məşğələlər keçirilib.

15 may tarixində təşkil olunan yekun sessiyada iştirakçılar məşğulluq və karyera inkişafı mövzusunda təlimlərdə iştirak ediblər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi, Karyera Planlaması şöbəsinin müdiri  Zeynəb Həsənova  tərəfindən keçirilən görüşdə karyera planlaşdırılması, peşə bacarıqlarının inkişafı, vaxtın idarə olunması, rəqəmsal bacarıqlar və peşəkar şəbəkələşmə mövzuları müzakirə olunub. Daha sonra isə, proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.