Bakı Biznes Universitetində ənənəvi olaraq əmək yarmarkası təşkil olunub
Bakı Biznes Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılıqı ilə əmək yarmarkası təşkil olunmuşdur.
Tədbirin açılış mərasimində çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov universitetin əmək bazarının tələblərinə uyğun, bacarıq əsaslı təhsil modelinə üstünlük verdiyini bildirib. O qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı xüsusi peşə bacarıqlarının əhəmiyyətini daha da artırır və Bakı Biznes Universitetində tədris prosesi məhz bu yanaşma əsasında qurulur. Rektor həmçinin vurğulayıb ki, universitet bu il təxminən 600 bakalavr və 100-ə yaxın magistr məzununu əmək bazarına yola salmağa hazırlaşır və bu kimi əmək yarmarkaları məzunlar üçün mühüm karyera platforması rolunu oynayır.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov çıxışında müasir dövrdə təhsil müəssisələrində belə əmək yarmarkalarının təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb. O, bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını, onlar üçün böyük karyera fürsətləri yaratdığını qeyd edib.
Əmək yarmarkasında 50 işəgötürən tərəfindən 300-ə qədər vakansiya təqdim edilib. İştirakçılara mövcud vakansiyalar, işə qəbul şərtləri və karyera imkanları barədə ətraflı məlumat verilib, CV-lər qəbul olunub.