
11–15 may 2026-cı il tarixlərində Bakı Biznes Universitetinin Təhsil işləri üzrə prorektoru dos. Xatirə Əzizova və universitetin nümayəndəsi i.f.d, İlknur Rəcəbli universitetlər arası mübadilə proqramı çərçivəsində Bolqarıstanın Beynəlxalq Biznes Məktəbinə işgüzar səfərləri baş tutub.
Səfər müddətində iştirakçılar Beynəlxalq Biznes Məktəbinin rəhbərliyi, akademik heyəti və koordinatorları ilə keçirilən rəsmi görüşlərə qatılıb, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq, akademik mobillik və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan universitet nümayəndələrinin iştirakı ilə təşkil edilən görüşlər beynəlxalq akademik əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
13 may tarixində “Davamlı İnkişaf, Rəqəmsal Transformasiyalar və İctimai Siyasətlər-Beynəlxalq Akademik Perspektivlər” adlı beynəlxalq dəyirmi masada Bakı Biznes Universiteti də təmsil olunub. Tədbirdə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri davamlı inkişaf, rəqəmsal transformasiya və müasir ictimai siyasətlərin beynəlxalq perspektivləri mövzusunda çıxışlar edərək təcrübələrini bölüşüblər.
Dəyirmi masada Bakı Biznes Universitetinin nümayəndələri universitetin beynəlxalqlaşma strategiyası, akademik inkişaf istiqamətləri və rəqəmsallaşma sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat təqdim ediblər. Tədbir iştirakçıları arasında akademik əməkdaşlıq imkanları, birgə layihələr və gələcək mobillik proqramları ilə bağlı müzakirələr aparılıb.
Səfər zamanı həmçinin Georgi Apostolov ilə rəsmi görüş keçirilib. Görüş zamanı ali təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi, müəllim və tələbə mobilliyi, eləcə də ortaq akademik təşəbbüslərin inkişaf perspektivləri müzakirə olunub.