Budapeştdə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş elmi seminar təşkil olunub

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə 25 may 2026-cı il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində elmi seminar təşkil olunub. “Gəncliyin gözü ilə tarixdən müasirliyə” adlı seminar Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrasının tarix müəllimi Qənirə Mirzəxanlı tərəfindən aparılıb. Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın müstəqillik tarixi, beynəlxalq müstəvidə milli maraqların müdafiəsi, dövlətçilik ənənələri, ana dilimizin qorunmasının əhəmiyyəti və milli yaddaşın gələcək nəsillərə çatdırılması ilə bağlı ətraflı məlumat təqdim edilib. Seminarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi, müstəqilliyimizin bərpasına aparan yol və müasir Azərbaycanın əldə etdiyi uğurlar haqqında da geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib.