Bakı Biznes Universiteti Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan Ali Təhsil Müəssisələrinin Sərgisində uğurla təmsil olundu

29–31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Ali Təhsil Müəssisələrinin Sərgisi uğurla başa çatmışdır. Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu və digər təhsil platformaları təmsil olunmuşdur. Sərginin əsas məqsədi abituriyentləri ali təhsil müəssisələrinin təhsil imkanları ilə yaxından tanış etmək, onların ixtisas seçiminə dəstək göstərmək və gələcək karyera planlaşdırmasına töhfə vermək olmuşdur.

Sərgidə Bakı Biznes Universiteti də aktiv iştirakı və geniş təqdimatı ilə seçilmişdir.

Üç gün ərzində universitetin stendi çoxsaylı abituriyentlər, valideynlər və ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. İştirakçılara universitetdə həyata keçirilən bakalavriat və magistratura proqramları, əmək bazarının tələblərinə uyğun formalaşdırılmış təhsil proqramları, praktiki yönümlü tədris prosesi, xaricdə təhsil imkanları, karyera və məşğulluq perspektivləri barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, sərgi çərçivəsində təşkil olunan təqdimatlar vasitəsilə Bakı Biznes Universitetinin tələbəyönümlü tədris prosesi, aktiv tələbə həyatı və müasir maddi-texniki bazası geniş şəkildə nümayiş etdirilmişdir.

Universitet rəhbərliyi sərgini ziyarət edən bütün abituriyentlərə, valideynlərə və qonaqlara göstərdikləri maraq və etimada görə təşəkkürünü bildirir.