Hər tədris ilində olduğu kimi, bu ildə də 29 iyun 2012-ci il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” keçirilmişdir. “Məzun-2012” proqramı çərşivəsində həmin gün saat 9:00-dan 12:30-a qədər Universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirməklə, onların əmək bazarına inteqrasiyasını asanlaşdırılması istiqamətində Bakı Şəhər Məşğulluq İdarəsi tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir.
Tədbirdə Bakı Şəhərinin Rayon Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 66 işəgötürən müəssisə və təşkilatlar iştirak etmiş, bunlardan 10-u dövlət, 56-sı qeyri-dövlət müəssisələri olmuşlar. İşəgötürənlər tədbirə 427 boş (vakant) iş yerləri təqdim etmişlər, onlardan 46-sı dövlət , 381-i qeyri-dövlətdir. Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərilməsidir.
Bu tədbirdə iri şirkət və müəssisələrdən “Nurgün Qrup” MMM, “European Tobacco-Baku” ASC, “Veyseloğlu Yayıcılı Qardaşlar” MMC, “Ataturizm” MMC, “Paşa Travel” MMC, ” MBC Bank” ASC , “Ata Holding” ASC, “Bank Standart” Kommersiya Bankı QSC, “Rabitə Bank” ASC, “Holcim” Qaradağ Sement ASC və digər iri şirkətlər iştirak etmişlər. Tədbir yüksək mütəşəkkilliklə keçmişdir.