14 may 2014-cü il tarixində Bakı Biznes Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 05 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş Audit xidmətlərinin təkmilləşdirilməsi üzrə vəzifələrin icrası istiqamətində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Bakı Biznes Universiteti, Rusiya Auditorlar Kollegiyası, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının birgə təşkilatçılığı ilə Auditorlar Palatasının işçi qrupu tərəfindən hazırlanmış "Auditor fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsinə həsr olunmuş «Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.
Simpoziumda Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Ruf, üzvü İrina Tyutina, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraçı direktoru cənab Rade Scekicin rəhbərliyi altında 4 nəfərlik nümayəndə heyəti (Monteneqro Mühasiblər və Auditorlar institutunun icraçı direktoru cənab Rade Scekic, Maliyyə Nazirinin müavini cənab Novo Radovic, Əmək Nazirinin müavini cənab Yovo Payovic və Monteneqro İqtisad Məhkəməsinin prezidenti cənab Draqan Rakosevic) və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının prezidenti Elquca Apridonidze iştirak etmişlər.
Tədbirdə yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, maliyyə nəzarətinin müasir problemləri və onların həlli yolları, eləcə də ictimai müzakirəyə çıxarılmış «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə olunmuşdur.
Simpoziumda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Rusiya Auditorlar Kollegiyası sədri Aleksandr Ruf, Monteneqro Mühasiblər və Auditorlar institutunun icraçı direktoru Rade Scekic və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının prezidenti Elquca Apridonidze, Azərbaycan Respublikasının Vergilər Nazirinin müşaviri Akif Musayev, Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini, "Xəzər" SC-nin sədri Qüdrət Kərimov tədbirin əhəmiyyətindən danışdılar və müzakirə olunan məsələyə dair öz fikirlərini bildirdilər.
Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov "Beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycanda audit qanunvericiliyinin təkmilləşdirilməsi" mövzusunda məruzə söylədi.
Tədbirdə xarici qonaqlarla yanaşı (Rusiya Auditorlar Kollegiyası, Monteneqro Maliyyə Nazirliyi, Monteneqro Əmək Nazirliyi və Monteneqro İqtisad Məhkəməsi) yerli qurumların Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Dünya Bankının, Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının, "Ata Sığorta" ASC-nin, Bakı Biznes Universitetinin, Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycan Bank Tədris Mərkəzinin, GRBS Tədris Mərkəzinin, Daxili Auditorların "Audit-Azərbaycan" İnstitutunun, Professional Maliyyə Menecerləri Assosiasiyasının, Auditorlar Palatasının əməkdaşları, üzvləri, dördlüyün nümayəndələri çıxış etmiş və müzakirələrdə iştirak etmişlər.
Tədbir iştirakçıları «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının yeni Qanun layihəsinin ölkəmizdə auditor xidmətinin beynəlxalq meyarlara uyğun təşkili və tənzimlənməsində, maliyyə şəffaflığının təmin olunmasında və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm rol oynaya biləcəyini qeyd etmişlər.
Sonda Azərbaycan Respublikasının Auditorlar Palatası və Monteneqro Mühasiblər və Auditorlar İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.