27 may 2014-cü il tarixində Bakı Biznes Universitetində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə eyni zamanda Nəsimi və Nizami rayonları ümumtəhsil orta məktəblərinin bir qrup şagirdləri də iştirak etmişlər. Tədbirdə çıxış edən Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə professor-müəllim heyəti və tələbələri təbrik etmişdir. O, doxsan altı il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda yaranan Demokratik Respublikanın dövlət qurumları və təsisatlarından, Milli Ordu quruculuğundan, Demokratik Respublikanın 23 aylıq fəaliyyətindən bəhs etmişdir. Qeyd edilmişdir ki, Demokratik Respublikanın süqutundan sonra Azərbaycan müstəqillikdən məhrum olmuş və 71 il Sovet İttifaqının tərkibində olmuşdur. Həmin illərin müsbət məqamları da kifayət qədər çox olmuşdur. Xüsusilə də, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük quruculuq işləri həyata keçirilmiş, Azərbaycan Respublikası öz sürətli inkişafı ilə digər müttəfiq respublikaları geridə qoymuşdur.
Qeyd edilmişdir ki, hazırda Ulu Öndərin layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Belə hərtərəfli tərəqqi məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurla yerinə yetirilməsinin nəticəsidir.
Tədbirin bədii hissəsi Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin maraqlı ifaları ilə davam etdirilmişdir.