Məzun – 2014

Hər tədris ilində olduğu kimi, 2013/2014-cü tədris ilinin sonunda – 30 iyun 2014-cü il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” keçirilmişdir. “Məzun – 2014” buraxılış günü proqramı çərçivəsində həmin gün saat 09:00-dan 13:00-a qədər Universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək məqsədilə, onların əmək bazarına inteqrasiyasını asanlaşdırılması istiqamətində Bakı Şəhər Məşğulluq İdarəsi tərəfindən “Karyerada ilk addım” mövzusunda əmək yarmarkası təşkil edilmişdir.

Tədbirdə Bakı Şəhərinin Rayonlarının Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 100-ə qədər işəgötürən müəssisə və təşkilatlar iştirak etmişdir.  Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərilməsidir.

Bakı Biznes Universitetində 30 iyun 2014-cü il tarixində saat 13:00-dan “Məzun – 2014” proqramı çərçivəsində tədbiri giriş nitqi ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Daha sonra Universiteti bitirmiş bir qrup bakalavrlara təntənəli şəkildə diplomlar təqdim edilmişdir. Həmçinin, 2014/2015-ci tədris ili müddətində Avropa Şurasının Erasmus Mundus Effort proqramı ilə Avropa universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup müəllimə, Avropanın aparıcı universitetlərində təhsil alacaq magistr və bakalavrlara, eyni zamanda Litva və Latviyada universitetlərində yay məktəbində iştirak edəcək tələbələrə dəvət məktubları təqdim edilmişdir.

YAP Yasamal rayon təşkilatı tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır” məqalə müsabiqəsində III yeri tutan III kurs tələbəsi Hüseynzadə Həsən Salman oğluna YAP Yasamal rayon təşkilatının sədr müavini və aparatın rəhbəri Tağı Əhmədov tərəfindən fəxri fərman təqdim edilmişdir.

2014-cü ildə Yasamal rayonunu təmsil edən və  Respublika üzrə II yeri tutan BBU-nun “Gənc biznesmenlər” Şən və Hazırcavablar Klubu komandası üzvlərinə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva tərəfindən diplomlar təqdim edilmişdir.

Ölkəmizin, eləcə də Universitetin idman şərəfini qoruyan tələbələrin bir hissəsinin son aylarda əldə etdiyi uğurlar da tədbirdə qeyd edilmiş, onlara diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.

10-12 aprel 2014-cü il tarixlərində Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisində təqdim etdiyi maket layihəyə və Bakıda keçirilən Karate üzrə Avropa çempionatında təşkilat qrupunda fəallığına görə I kurs tələbəsi Arif Məmmədov sertifikatlarla təltif edilmişdir.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm konsert proqramı olmuşdur. Tədbir tələbə-məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.