“Məzun 2012”-nin rəsmi və bədii hissələrinin təntənəli təşkili

Bakı Biznes Universitetində 29 iyun 2012-ci il tarixində “Məzun 2012” proqramı çərçivəsində tədbirin rəsmi hissəsini Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmış, tələbə-məzunları, valideynləri, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Sonra Universiteti fərqlənmə ilə bitirmiş bir qrup bakalavrlara təntənəli şəkildə diplomlar təqdim edilmişdir.

Məlum olduğu kimi, bu tədris ilində Bakı Biznes Universitetini bitirmiş bakalavrlardan 41 nəfəri müvafiq ixtisaslar üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən magistraturaya qəbul imtahanlarında keçid balını toplamışlar. Tədbirdə Universitetin rektoru tərəfindən magistraturaya keçid balını toplamış həmin tələbələr də təbrik edilmiş və onlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Tədbirdə bu il universiteti «əla» və «yaxşı» qiymətlərlə bitirmiş və ali təhsil müəssisəsinin ictimai həyatında fəallıq göstərmiş bir qrup bakalavrlara da xatirə hədiyyələri təqdim edilmişdir.

Ölkəmizin, eləcə də Universitetin idman şərəfini qoruyan tələbələrin bir hissəsinin son aylarda əldə etdiyi uğurlar da tədbirdə qeyd edilmiş, onlara diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir. Belə ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idmanın Uşu-Sanda növü üzrə beynəlxalq turnirin qalibi, 2012-ci ildə idmanın Uşu-Sanda növü üzrə Respublika Çempionatında 1-ci yeri tutmuş tələbə Ramil Məmmədov, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr olunmuş Yasamal rayonu üzrə ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən mini-futbol yarışlarında BBU-nun 3-cü yeri tutmuş komandası üzvlərinə, Türkiyədə keçirilən karate üzrə dünya çempionatında 3-cü yeri, Gürcüstanda keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutmuş tələbə Aytən Yusifqızı, idmanın Şaolin-Sanda növü üzrə Beynəlxalq turnirin qalibi tələbə Orxan Hüseynli və ayrı-ayrı idman növləri üzrə yarışların qalibləri olan digər tələbələrə diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.

2012-ci ilin fevralında Çində keçirilən Uşu-Sanda idman növü üzrə Beynəlxalq seminarda uğur qazanan, eyni zamanda Respublikanın Əməkdar məşqçisi fəxri adına layiq görülən Universitetin idman müəllimi, üçqat dünya çempionu Asif Sayadova da diplom və medallar təqdim edilmişdir.

Tədbirdə məzunlar adından Universiteti fərqlənmə ilə bitirmiş Sədi Kazım Pirəli oğlu, valideynlər adından isə Nəzakət xanım Baharova çıxış edərək öz ürək sözlərini bildirmiş və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə möhtəşəm konsert proqramı olmuşdur. Tədbir tələbə-məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.