Bakı Biznes Universitetində uşaq hüquqlarının müdafiəsi mövzusunda mühazirə keçirilib

6 may 2026-cı il tarixində Bakı Biznes Universitetində “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr üçün uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş qonaq mühazirəsi təşkil edilib.

“İnsan hüquqları və sosial ədalət” fənni çərçivəsində keçirilən mühazirənin qonağı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı olub.

825D, 825E, 825F və 825G qruplarının I kurs tələbələri üçün təşkil olunan görüşün əsas məqsədi insan hüquqları, xüsusilə uşaq hüquqlarının müdafiəsi sahəsində nəzəri biliklərin genişləndirilməsi, mövcud institusional fəaliyyət və hüquqi müdafiə mexanizmləri barədə məlumatlılığın artırılması olub.

Mühazirə zamanı uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, uşaqların hüquq və qanuni mənafelərinin müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, eləcə də Ombudsman Aparatının bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər müzakirə edilib.

İnteraktiv formada keçirilən görüş tələbələrə nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirmək, sahə üzrə mütəxəssislə fikir mübadiləsi aparmaq və gələcək peşə fəaliyyətləri üçün zəruri bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

Belə görüşlərin təşkili tələbələrin peşə hazırlığının gücləndirilməsi, sosial məsuliyyət və insan hüquqlarına hörmət prinsiplərinin təşviqi, həmçinin universitetlə müvafiq dövlət qurumları arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.